Xəbərlər
2018-04-20
Dinq Liren: "Berlində Şəhriyarın səhvi həlledici oldu"

Şəmkirdə keçirilən Vüqar Həşimov Memorialının II turunda Çin şahmatçısı Dinq Liren Rusiya təmsilçisi Sergey Karyakinlə heç-heçə oynayıb. ShamkirChess 2018 superturnirinin mətbuat xidməti xəbər verir ki, Liren  mətbuat konfransında oyun barədə bunları deyib: "Debütdən sonra üstünlük qazanmadım. 15 gedişdən sonra belə partiyada dəyişiklik görmədim. Bərabər səviyyəli oyun oldu. Belədə partiyanı uzatmağa ehtiyac yox idi. Onsuz da heç-heçə olacaqdı. Fikrimcə 5 saat da oynasaydıq qalib gəlmək mümkün deyildi".

Dinq Liren ShamkirChess 2018 superturnirinin təşkilatçılığı barədə xoş sözlər deyib: "Şəmkir çox xoşuma gəlir. Təşkilatçılıq yüksək səviyyədədir. Otelimiz çox böyük deyil. Çində adətən iştirak etdiyim yarışlar çox böyük otellərdə olur. Amma Şəmkirdəki mehmanxana elə böyük deyil. Ətrafında gözəl park var. Hər gün orada gəzməyi xoşlayıram. Sadəcə otelin həyətində çoxlu sayda maşın olduğu üçün orada rahat gəzmək mümkün olmur".

Berlində İddiaçılar Turnirində Şəhriyar Məmmədyarov üzərində qələbəni xatırlayan Dinq Liren həmin partiyadan sonra Azərbaycanda daha çox tanınmasına münasibət bildirdi: "Şəhriyarla oyun yadımdadır. Bütün görüşlərdə heç-heçə oynadım.Yalnız Məmmədyarova qalib gəldim. Həmin oyunda Şəhriyar risk etdi, səhvə yol verdi. Bunu görməyə bilməzdim. Adətən yarışlarda öz oyunum haqqında düşünürəm. Rəqiblər mənim üçün maraqlı olmur. Bu oyundan sonra Azərbaycanda daha çox tanınmağım normaldı. Çünki ölkəniz Şəhriyara dəstək olurdu. Mən ona qalib gəlməklə diqqətə səbəb oldum. Səbrsizliklə Şəmkirdəki oyunu gözləyirəm".


ShamkirChess2018 turnirinin mətbuat xidməti