News
2022-12-24
Nodirbek Abdusattorov: Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq.

Azərbaycana gələndə superturnirin qalibi olacağıma inanmırdım. Çünki memorialda ən güclü şahmatçılar mübarizə aparırdı. Çox arzulayırdım ki, mükafatçılar sırasında yer alım. Sevinirəm ki, bunu bacardım.
Bu sözləri turnirin mətbuat xidmətinə müsahibəsində “Vugar Gashimov Memorial-2022”nin qalibi olan Özbəkistan şahmatçısı Nodirbek Abdusattorov deyib.
Ölkəmizə ilk dəfə səfər etdiyini deyən qrosmeyster paytaxtımızla tanış olmadığını, ancaq yarışa kökləndiyini vurğulayıb: “Çox gərgin və maraqlı partiyalarımız oldu. Elit şahmatçılarla birlikdə bu memorialda mübarizə aparmaq mənim üçün çox qürurvericidir. Rəqiblərimin hamısı titullu idmançılar idi. Turnir, həmçinin mənim üçün böyük təcrübə oldu”.
Vüqar Həşimovun təkcə Azərbaycan deyil, dünya şahmat tarixində özünəməxsus yeri olduğunu bildirən N.Abdusattorov qeyd edib ki, bu gün də gənc şahmatçılar onun möhtəşəm partiyalarını izləyir və xüsusi oyun üslubundan yararlanırlar. Vüqar Həşimov dünya şahmat tarixində həmişə xatırlanacaq. Onun qazandığı uğurlar bu fikri söyləməyə əsas verir.