News
2022-12-21
Tanınmış şahmatçılar Vüqar Həşimov Şahmat Akademiyasında.

"Vugar Gashimov Memorial-2022"nin iştirakçıları dekabrın 21-də Vüqar Həşimov Şahmat Akademiyasında olublar.

Turnirin mətbuat xidməti xəbər verir ki, qonaqlar Akademiyada fəaliyyət göstərən Vüqar Həşimov Muzeyini ziyarət ediblər.

Akademiyanın yetirmələrinin əldə etdiyi nailiyyətlər barədə qonaqlara məlumat verilib. Həmçinin qeyd olunub ki, "Vüqar Həşimov" klubu Avropa çempionatında bürünc medal qazanıb və ölkə şahmatının inkişafına mühüm töhfələr verir. 

Qeyd edək ki, sayca səkkizinci dəfə təşkil olunan “Vüqar Həşimov Memorialı”nda qalib adı uğrunda 10 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Abdulla Qədimbəyli, Aydın Süleymanlı, özbəkistanlı Nodirbek Abdusattorov, Rumıniya təmsilçisi Riçard Rapport, ABŞ idmançısı Semuel Şenklend, ispaniyalı Fransisko Valeho Pons, hindistanlı Qukeş Dommaracu və  çinli Van Hao mübarizə aparırlar.

Dekabrın 24-dək davam edəcək yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.