Xəbərlər
2022-12-22
"Vugar Gashimov Memorial-2022": Nodirbek Abdusattorov liderliyini davam etdirir.

Dekabrın 22-də Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirdə blits yarışlarına start verilib.
Turnirin mətbuat xidməti xəbər verir ki, növbəti yarış günündə 9 tur oynanılıb.
Rapid turnirinin və blits yarışlarının 9 turunun yekunlarına görə, özbəkistanlı Nodirbek Abdusattorov 20 xalla turnir cədvəlində liderliyini davam etdirir. İspaniya təmsilçisi Fransisko Valeho Pons 16,5 xalla ikinci pillədə qərarlaşıb. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov 15 xalla 3-4-cü, Rumıniya təmsilçisi Riçard Rapport, çinli Van Hao 14 xalla 5-6-cı pilləni bölüşürlər. Hesabında 12,5 xal olan ABŞ idmançısı Semuel Şenklend 7-ci yerdədir. Abdulla Qədimbəyli 10 xalla səkkizincidir. Aydın Süleymanlı və hindistanlı Qukeş Dommaracu 9 xalla 9-10-cu pillədə qərarlaşıblar.
Dekabrın 23-də memorialda daha 9 tur oynanılacaq.
Turnirin qalibi rapid və blits yarışlarının yekun nəticələrinə görə müəyyənləşəcək.