Xəbərlər
2022-12-19
Yevgeni Tomaşevski: Vüqar Həşimov ilə ünsiyyətdə olmaq insana xüsusi zövq verirdi.

Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnir fantastik yarışdır. Çünki yarışda mübarizə aparan heyət həm güclüdür, həm də maraqlı oyun sərgiləyir.
Bunu Avropa çempionu, dünya çempionatının komanda yarışlarının qalibi, ikiqat Rusiya çempionu Yevgeni Tomaşevski bildirib.
O qeyd edib ki, ötən partiyalardan bəlkə biri, yaxud ikisini çıxmaq şərtilə bütün oyunlar maraqlı mübarizə şəraitində keçib və onları izləmək xüsusi zövq verir.
Şahmatçı yarışın təşkilatçılığını xüsusi qeyd edib: “VIII beynəlxalq superturnir yüksək səviyyədə təşkil edilib. Turniri izləməkdən çox məmnunam”.
Rusiyalı şahmatçı Vüqar Həşimovla bağlı xatirələrini də bölüşüb: “Onu çox yaxşı xatırlayıram. Biz demək olar ki, yaşıd olsaq da, karyeramız ərzində yollarımız kəsişməyib. Vüqar uşaqlıqdan o qədər istedadlı və bacarıqlı idi ki, qısa zamanda hamını qabaqlayıb, yüksək zirvəni fəth edə bilmişdi. Onunla şahmat oynamaq, hətta ünsiyyətdə olmaq insana xüsusi zövq verirdi. Təəssüflənirəm ki, onunla daha çox ünsiyyətdə ola və şahmat oynaya bilməmişəm. Vüqar Həşimovun yoxluğu yalnız Azərbaycan üçün deyil, şahmat dünyası üçün böyük itkidir”.