Xəbərlər
2022-12-19
"Vugar Gashimov Memorial-2022": İkinci günün nəticələri.

Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirinin ikinci gününə yekun vurulub.
Memorialın mətbuat xidməti xəbər verir ki, turnirin ilk üç günündə 10 şahmatçı rapid turnirində gücünü sınayır.
İkinci oyun günündə növbəti 3 turun partiyaları keçirilib. Dördüncü turda Azərbaycan təmsilçilərindən Rauf Məmmədov ispaniyalı Valeho Pons, Şəhriyar Məmmədyarov Rumıniya idmançısı Riçard Rapport, Abdulla Qədimbəyli isə özbəkistanlı Nodirbek Abdusattorov ilə heç-heçə ediblər. Millimizin üzvü Aydın Süleymanlı Hindistan idmançısı Qukeş Dommaracuya, ABŞ təmsilçisi Semuel Şenklend isə çinli Van Haoya uduzub.
Beşinci turda yeganə qələbəni R.Məmmədov qazanıb. Təmsilçimiz S.Şenklendi məğlub edib. A.Süleymanlı V.Pons, N.Abdusattorov V.Hao, A.Qədimbəyli R.Rapport, Ş.Məmmədyarov isə Q.Dommaracu ilə sülhə razılaşıb.
Günün sonuncu turunda N.Abdusattorov və A.Qədimbəyli partiyalarını qələbə ilə başa vurublar. Özbəkistan təmsilçisi S.Şenklenddən, millimizin üzvü isə Q.Dommaracudan üstün olublar. Ş.Məmmədyarov V.Pons, R.Məmmədov A.Süleymanlı, V.Hao isə R.Rapportla heç-heçə edib.
Hesabında 10 xal olan N.Abdusattorov turnir cədvəlində liderliyini davam etdirir. R.Məmmədov 9 xalla ikinci, V.Hao 8 xalla üçüncü, V.Pons isə 7 xalla dördüncüdür. R.Rapport, Ş.Məmmədyarov, A.Qədimbəyli və Q.Dommaracu 5 xalla 5-8-ci yerləri bölüşürlər. S.Şenklend 4 xalla doqquzuncu, A.Süleymanlı isə 2 xalla sonuncudur.
Dekabrın 20-də növbəti 3 turun oyunları keçiriləcək.