Xəbərlər
2021-12-21
Murad Dadaşov: Bu gün Azərbaycan  şahmatın ənənəvi meydanına çevrilib

Şahmat zalının xüsusi ab-havası olur. Orada fövqəladə gərginlik hökm sürür. Bunu ancaq zalda olan insanlar duya bilər. Çox sevindirici haldır ki, "Vüqar Həşimov Memorialı-2021"i ziyarət etdim. Artıq neçə ildir ki, övladlarım şahmatla məşğul olur. Biz də şahmat ailəsinin bir üzvüyük. Həmişə məni yarışa dəvət etdikləri üçün Vüqar Həşimov Fonduna minnətdarlığımı bildirirəm.

Bu sözləri turnirin mətbuat xidmətinə müsahibəsində "Xəzər TV"nin baş direktoru, Xalq artisti Murad Dadaşov deyib.

Qeyd edib ki, Vüqar Həşimovun xatirəsinə Şəmkrdə təşkil olunan yarışlarda da iştirak etmişəm. Bu gün Azərbaycan şahmatın ənənəvi meydanına çevrilib. Dünyanın məşhur şahmat simaları Bakıdadır. Azərbaycanlı şahmatçılara uğurlar arzulayıram . 

"Çox təəssüf ki, Vüqar Həşimovla yaxın ünsiyyətim olmayıb. Ancaq onun ailəsi ilə gözəl münasibətim var. Onlara böyük təşəkkür borcluyam. Çünki bütün böyük tədbirlərə dəvət olunuram. Vüqarın ailəsi onun əziz xatirəsini yaşatmaqla yanaşı, real işlərlə onu yad edirlər. İllər ötdükcə insan hövsələdən düşür, mühim işləri görməmək üçün minlərlə bəhanə axtarır. Ancaq Vüqarın ailəsi və dostları onun xatirəsini yaşatmaq üçün var gücləri ilə çalışırlar. Bu təqdirəlayiq haldır", - deyə M.Dadaşov əlavə edib.

Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov Memorialı”nda qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparırlar. Şahmatçılar turnirdə rapid və blits turnirlərində yarışırlar. Rapid yarışları 7 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits turniri isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.