Xəbərlər
2018-04-19
Maqnus Karlsen: "Şəhriyara uduzsaydım çox məyus olardım"

Vüqar Həşimovun xatirəsinə həsr olunan ShamkirChess 2018 superturnirinin I turunda Şəhriyar Məmmədyarov (Azərbaycan) dünya çempionu Maqnus Karlsenlə (Norveç) heç-heçə oynayıb. Turnirin mətbuat xidməti xəbər verir ki, görüşdən sonra norveçli şahmatçı ilk turda məğlubiyyət barədə düşünmədiyini bildirib: "Maraqlı amma təhlükəli olmayan partiya izlədik. Səhvlərə imkan verilmədi. Məğlub olsaydım çox məyus olardım. Rəqib ehtiyatlı və diqqətli oynayırdı. Fikrimcə növbəti turlarda da diqqətli olmaq lazımdır. Reytinq bizi aldatmalı deyil. Bütün rəqiblər xal qazanmaq istəyir. Ona görə sürpriz etməmək üçün diqqətli olmaq lazımdır".

Dünya çempionu Azərbaycan şahmatçısı Vüqar Həşimov barədə suala cavabında 2008-ci ildə Bakıda keçirilən FİDE Qran-Pri turnirini xatırlayıb: "Vüqarın yoxluğu barədə xəbər məni çox sarsıtdı. 2008-ci ildə Bakıda FİDE Qran-Pri turnirində rəqib olmuşuq. Həşimov çətin vəziyyətlərdən məharətlə çıxmağı bacarırdı. Həmin turnirdə Vüqara qarşı üstünlüyüm var idi, amma vəziyyəti ustalıqla dəyişdi. Nəticədə üstün olduğum oyunda heç-heçə qeydə alındı. Yekunda Qran-Pridə Vüqarla 1-2-ci yerləri bölüşdürdük. Çox güclü şahmatçı olub. Hətta məğlubiyyət qaçılmaz olduğu partiyalarda nəticəni dəyişirdi".

ShamkirChess2018 turnirinin mətbuat xidməti