News
2021-12-14
“Vüqar Həşimov Memorialı-2021”də güclü şahmatçılar mübarizə aparacaqlar

Dekabrın 17-dən 24-dək Bakıda keçiriləcək, Azərbaycanın görkəmli şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan 7-ci beynəlxalq super turniri ilə əlaqədar mətbuat konfransı təşkil edilib.

 

Vüqar Həşimov Şahmat Akademiyasında keçirilən tədbirdə əvvəlcə Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərimizin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

 

Yarışın yenilənmiş rəsmi internet səhifəsinin yaxın günlərdə istifadəyə veriləcəyini deyən turnirin media rəhbəri Sənan Şəfizadə bildirib ki, Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014-cü, 2015-ci, 2018-ci, 2019-cü), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016-cı, 2017-ci) dəfə bu turnirin qalibi olublar. Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.

 

“Vüqar Həşimov memorialının yeni loqosu Vüqar Həşimovun silueti əsasında hazırlanıb. Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərin birrəngli təsviri əsasında yaradılıb”, - deyə S.Şəfizadə əlavə edib.

 

Yarışın ənənəvi xarakter daşıdığını diqqətə çatdıran turnirin direktoru, Əməkdar məşqçi Anar Allahverdiyev Vüqar Həşimov Memorialının mütəmadi təşkilinə, ölkəmizdə güclü şahmatçıların yetişməsinə və respublikamızda idmanın inkişaf etdirilməsinə göstərdiyi diqqətə görə Vüqar Həşimov Fondu adından Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Vurğulayıb ki, turnir ötən illərdə Şəmkirdə təşkil olunsa da, bu il yarışa Bakı ev sahibliyi edəcək. Yarışın təşkilatçısı olan və 2016-cı ildə yaradılan Vüqar Həşimov Fondu ölkəmizdə şahmatın inkişafını töhfə verməkdə davam edir. Fondun nəzdində fəaliyyət göstərən “Vüqar Həşimov” klubu 2019-ci ildə ilk dəfə qatıldığı klublararası Avropa çempionatında 4-8-ci yerləri bölüşdürsə də, bu il qitə birinciliyində bürünc medal qazanıb. Heyətə əsasən gənc şahmatçılar cəlb olunmuşdu ki, bu da ölkəmizdə idmanın bu növünün inkişafının göstəricisidir.

 

Super turnirdə güclü şahmatçıların iştirak edəcəklərini vurğulayan A.Allahverdiyev deyib: “Yarışda ölkəmizi üç idmançı təmsil edəcək. Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Vüqar Əsədli birincilik uğrunda yarışacaqlar. R.Məmmədov və V.Əsədli "Vüqar Həşimov" klubunun heyətində bu il klublararası Avropa çempionatında bürünc medal qazanıblar. Azərbaycan şahmatçıları ilə yanaşı, turnirdə Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) da mübarizə aparacaqlar.

 

Turnirin baş hakimi, Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov yarışın rapid və blits üzrə təşkil olunacağını deyib. Bildirib ki, turnirin reytinq favoritləri ABŞ təmsilçisi Fabiano Karuana və hindistanlı Vişvanatan Ananddır. ABŞ şahmatçısı 2770 reytinq əmsalı ilə rapid, V.Anand isə 2825 reytinq əmsalı ilə blits turnirinin reytinq favoritidir.

 

Ölkəmizdə mövcud karantin qaydalarına əməl olunmaqla keçiriləcək turnirin iki dövrədən ibarət olacağını xatırladan F.Həsənov qeyd edib ki, rapid turnirində nəzarət vaxtı hər iştirakçıya 15 dəqiqə + 10 saniyə, digər yarışda isə 5 dəqiqə + 3 saniyə nəzərdə tutulub. Oyunlar hər gün saat 15:00-da start götürəcək. Super turnirin qalibi iki yarışın nəticəsinə əsasən, ən çox xal toplayan şahmatçı olacaq.

 

Sonda jurnalistlərin sualları cavablandırılıb.

 

Turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.