Xəbərlər
2019-03-31
Teymur Rəcəbov: "Maqnusla görüşə inamlı başlamışdım"

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirində I tura yekun vurulub. İlk turun mərkəzi görüşündə Azərbaycan şahmatçısı Teymur Rəcəbov ağ fiqurlarla hazırkı dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb. 

Partiyadan sonra media qarşısına çıxan Teymur Rəcəbov nəticə barədə bunları deyib: "İlk tur həmişə fərqli olur. Fikrimcə çox variantlarım olmadı. Üstünlük görünsə belə rəqib çox diqqətli müdafiə olundu. İlk turdakı nəticə barədə şərh vermək çətin olur. Əsas mübarizə irəlidədir. Müəyyən mənada oyun praktikasının azlığı da rol oynadı. Düzdü son mövsüm əvvəlki illərlə müqayisədə daha çox yarışlarda iştirak edirəm. Mənim üçün iki ay fasilənin olması normaldı. Ən yaxşı turnirlərdə çıxış etmək istəyirəm. Yəni əsas FİDE Qran-Pri seriyası, yığmaların iştirak etdiyi yarışlar və bəzi superturnirləri nəzərdə tuturam. Son mövsüm müəyyən mənada yarışlarım az olmadı. Bununla belə Maqnusla görüşə inamlı başlamışdım".

Teymur Rəcəbov eyni zamanda yarışlarda tək və ya cüt sayda iştirakçıların mübarizə aparmasının ona görə önəmli olmadığını deyib: "Əsas məsələ kimin daha çox qara fiqurlarla oynamasıdı. Bu məsələ çox müzakirə edilir. Sadəcə şahmatçılar artıq bu sistemə öyrəşib. Bizim üçün o qədər önəmli deyil. Vərdiş halını alıb, daha çox rəqibin oyunu haqqında düşünürük".

"ShamkirChess2019" superturnirinin mətbuat xidməti