News
2021-12-20
Şahin Hüseynzadə: Dünya şahmat ictimaiyyətinin diqqəti Bakıya yönəlib

Azərbaycan güclü şahmatçıların iştirakı ilə turnirləri yüksək səviyyədə təşkil etməklə diqqəti cəlb edir. Hazırda Bakıda baş tutan turnir Vüqar Həşimovun adına və nüfuzuna layiq şəkildə keçirilir. Bu turnirdə dünyanın güclü şahmatçıları qalib adı uğrunda mübarizə aparırlar. 
Bu sözləri "Vüqar Həşimov memorialı-2021"in mətbuat xidmətinə müsahibəsində Milli Məclisin deputatı Şahin Hüseynzadə deyib.
Milli Məclisin deputatı bildirib ki, Vüqar Həşimov Azərbaycan şahmat tarixində özünəməxsusluğu seçilən idmançı olub. Onun uğurları, nailiyyətləri və Azərbaycanın ilk Avropa çempionluğunu qazanmasında böyük payı olan qələbəsi hər bir şahmatsevərin yaddaşındadır. Bunları heç vaxt unutmaq olmaz. Vüqar Həşimov qısa ömür yaşasa da, şahmatda yetərincə böyük uğurlara imza atıb. 
"Ötən 6 yarışda olduğu kimi, builki  superturnir də böyük rəğbətlə qarşılanır. Dünya şahmat ictimaiyyətinin diqqəti paytaxtımıza yönəlib. Bu yarışın təşkilində əməyi keçən hər bir kəsə təşəkkür edirəm. Qoy güclü qalib gəlsin", - deyə Ş.Hüseynzadə əlavə edib.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparırlar. Şahmatçılar turnirdə rapid və blits turnirlərində yarışırlar. Rapid yarışları 14 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits turniri isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.