Xəbərlər
2022-12-20
"Vugar Gashimov Memorial-2022"də rapid yarışları başa çatıb.

Bakıda görkəmli şahmatçı, Avropa çempionu, beynəlxalq qrosmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturnirində rapid yarışlarına yekun vurulub. ​

Memorialın ilk üç günündə 10 şahmatçı rapid turnirində gücünü sınayıb.

Üçüncü oyun günündə - dekabrın 20-də sonuncu 3 turun partiyaları keçirilib.

Yeddinci turda Azərbaycan təmsilçilərindən Aydın Süleymanlı komanda yoldaşı Şəhriyar Məmmədyarovu məğlub edib. Özbəkistanlı Nodirbek Abdusattorov Rauf Məmmədova, Rumıniya zəka sahibi Riçard Rapport isə ABŞ idmançısı Semuel Şenklendə qalib gəliblər. Abdulla Qədimbəyli ispaniyalı Valeho Pons, Hindistan idmançısı Qukeş Dommaracu çinli Van Hao ilə heç-heçə edib. ​
Bu turda ilk gedişi Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov edib.

 

Səkkizinci turda S.Şenklend və V.Pons qələbə qazanıblar. Onlar müvafiq olaraq, Q.Dommaracu və V.Haodan üstün olublar. N.Abdusattorov R.Rapport, R.Məmmədov Ş.Məmmədyarov, A.Qədimbəyli isə A.Süleymanlı ilə sülhə razılaşıb.

Ş.Məmmədyarov və R.Məmmədov sonuncu turu qələbə ilə başa vurublar. Ağ fiqurlarla oynayan Ş.Məmmədyarov A.Qədimbəylini, qara fiqurlarla oynayan R.Məmmədov isə R.Rapportu məğlub edib. Q.Dommaracu N.Abdusattorov, A.Süleymanlı V.Hao ilə heç-heçə edib. V.Pons isə S.Şenklenddən üstün olub.

​ ​ ​ ​ ​ ​ ​ Hesabında 14 xal olan N.Abdusattorov turnir cədvəlində liderliyini davam etdirir. V.Pons və R.Məmmədov 12 xalla 2-3-cü pilləni bölüşürlər. V.Hao 10 xalla dördüncüdür. R.Rapport, Ş.Məmmədyarov 8 xalla 5-6-cı, A.Qədimbəyli, Q.Dommaracu 7 xalla 7-8-ci, S.Şenklend və A.Süleymanlı isə 6 xalla 9-10-cu yerdə qərarlaşırlar. ​

​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ Dekabrın 21-də turnirdə fasilə olacaq. Ertəsi gün blits yarışlarına start veriləcək. Turnirin qalibi rapid və blits yarışlarının yekununda müəyyənləşəcək.