Vüqar Həşimovun xatirəsinə həsr olunan VIII beynəlxalq superturniri yüksək səviyyəli yarışdır. Yarışda tanınmış, həmçinin gənc şahmatçılar oynayır. Azərbaycanı yarışda güclü heyət təmsil edir.
Turnirin mətbuat xidməti xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının birinci vitse-prezidenti Faiq Həsənov deyib.
O vurğulayıb ki, komandamızın heyətində yer alan dünyaşöhrətli Şəhriyar Məmmədyarovla yanaşı, gənc şahmatçılarımızın da perspektivləri böyükdür: “Komandamızın heyətində yer alan Rauf Məmmədov sürətli şahmat və blits üzrə ən yaxşı oyunçulardan biridir. Bu il sürətli şahmat üzrə Azərbaycan çempionu olub. Turnirin favoritlərindən hesab olunur. Gənc şahmatçılarımızdan Aydın Süleymanlı və Abdulla Qədimbəylini xüsusi qeyd etmək istəyirəm. A.Qədimbəyli bu il 20 yaşadək gənclər arasında dünya çempionatının qalibi olub”.
Federasiyanın birinci vitse-prezidenti məlumat verib ki, turnir səkkizinci dəfədir keçirilir. O, ilk turnirlərdə baş hakimlik edib, həm də təşkilati işlərdə çalışıb. Əvvəlkilərdən fərqli olaraq yarışın sürətli şahmat üzrə keçirildiyini bildirən F.Həsənov bu formatın daha yaxşı olduğunu qeyd edib: “Şəxsi fikrim budur ki, şahmatda dəyişiklik etmək lazımdır. Düşünürəm ki, 6-8 saat şahmat oynamaq böyük vaxt tələb edir, eyni zamanda, onu efirdə də göstərmək olmur ki, hamı baxsın. Biz də istəyirik ki, şahmat daha populyar və baxımlı olsun. Vüqarın özü də blits və rapid oyunlarını yüksək səviyyədə oynayırdı. Klassik şahmat həmişə olacaq. Amma sürətli şahmat gələcəyə hesablanıb. Pandemiya idmana, o cümlədən şahmata da təsirini göstərib. İndi sürətli şahmat oyunları dəbdədir və bütün dünyada keçirilir. Bu format şahmatı canlandırıb”.
Faiq Həsənov turnirdə yüksək rəqabəti də qeyd edib. O bildirib ki, şahmatçılarımız yeni ulduz özbəkistanlı Nodirbek Abdusattorov, amerikalı Semuel Şenklend, hindistanlı Qukeş Dommaracu kimi güclü rəqiblərlə mübarizə aparırlar.