News
2021-12-23
"Vüqar Həşimov Memorialı-2021"in iştirakçıları  Vüqar Həşimov Şahmat Akademiyasında olublar

"Vüqar Həşimov Memorialı-2021"in iştirakçıları dekabrın 23-də Vüqar Həşimov Şahmat Akademiyasında olublar. 
Qonaqlar Akademiyada fəaliyyət göstərən Vüqar Həşimov Muzeyi ilə tanış olub və yeniyetmə şahmatçılarla görüşüblər. 
Akademiyanın yetirmələrinin əldə etdiyi nailiyyətlər barədə qonaqlara məlumat verilib. Həmçinin qeyd olunub ki, "Vüqar Həşimov" klubu Avropa çempionatında bürünc medal qazanıb və ölkə şahmatının inkişafına mühüm töhfələr verir.  
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparırlar.
Dekabrın 23-dək davam edəcək yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.