News
2021-12-22
Rəhman Hacıyev: Vüqar Həşimov Azərbaycan idmanının ən parlaq nümayəndələrindən biri idi

"Vüqar Həşimov Memorialı-2021"in Təşkilat Komitəsində yer almaq mənim üçün böyük şərəfdir. Yarışa dəvət olunduğum üçün turnirin təşkilatçılarına təşəkkürümü bildirirəm. Bu, Vüqar Həşimovun xatirəsinə həsr olunan ilk turnir deyil. Artiq yeddinci turnirimizdir. Mənim fikrimcə, bu gözəl ənənədir”.
Bu sözləri "Vüqar Həşimov Memorialı-2021"in mətbuat xidmətinə müsahibəsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri, turnirin Təşkilat Komitəsinin üzvü Rəhman Hacıyev deyib.
Bildirib ki, Azərbaycan irimiqyaslı turnirlərin keçirilməsində böyük təcrübəyə malikdir: “Ona görə də, burada mənim üçün təəccüblü bir məqam yoxdur. Normal hal kimi qəbul edirəm. Arzu edərdim ki, bu tipli turnirlərin sayı daha da artsın”.
"Vüqar Həşimov təkcə şahmatın deyil, Azərbaycan idmanının ən parlaq nümayəndələrindən biri idi. O, şahmatçı kimi çox istedadlı və mənim fikrimcə, son dövrlərin ən güclü zəka sahibi hesab olunurdu. Bu təkcə mənim fikrim deyil, onun həmkarları, dostları, bu gün turnirdə iştirak edən qrossmeysterlər də bunu dəfələrlə vurğulayıblar. Vüqarın sahmatçılar arasında çox böyük hörməti var idi. Bu ilk növbədə,onun şəxsi keyfiyyətlərindən irəli gəlirdi. Çünki o, peşəkar olması ilə yanaşı, həm də gözəl insan, şəxsiyyət idi. Düşünürəm ki, bu daha vacib məqamdır", - deyə R.Hacıyev əlavə edib.
Vüqar Həşimovla dostluq münasibətlərinin olduğunu deyən R.Hacıyev vurğulayıb ki, mərhum şahmatçının həyatında müxtəlif dövrlər var idi: “Bilirsiniz ki, səhhəti ilə bağlı müəyyən çətinliklər var idi. Biz - dostları öz növbəmizdə, çalışırdıq ki, ən azından mənəvi dəstək göstərək. Mənim yadımda o, mübariz insan kimi qalıb. Buna görə də, çox şadam ki, onun xatirəsinə həsr olunmuş turnir keçilir. Bu turnir bir tarix kimi əbədi yaddaşlarda qalacaq. Çox istərdim ki, bu turnir həmişə təşkil olunsun. Bu turnirin təkcə Bakıda deyil, həmçinin Azərbaycanın digər bölgələrində, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda da keçirilməsini şox istərdim”.