News
2021-12-22
Məşhur şahmatçılar Vüqar Həşimovun məzarını ziyarət ediblər

Bakıda keçirilən "Vüqar Həşimov Memorialı-2021"in iştirakçıları dekabrın 22-də Fəxri Xiyabanda məşhur şahmatçı Vüqar Həşimovun məzarını ziyarət ediblər. 

Ziyarətdə turnirin iştirakçıları, Təşkilat Komitəsinin üzvləri - Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Olimpiya çempionu Fərid Mansurov, Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili və media nümayəndələri iştirak ediblər.

İştirakçılar Vüqar Həşimovla bağlı xatirələrini yada salıb, şahmatçımızın məzarı önünə gül dəstələri qoyublar.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov Memorialı”nda qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparırlar. 
Dekabrın 23-dək davam edəcək yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.