Azərbaycanda şahmat yetərincə inkişaf edib. Ölkə şahmatçıları beynəlxalq arenada uğurla çıxış edirlər. Dünyanın ən güclü şahmatçılarının “Vüqar Həşimov memorialı”nda iştirak etməsi çox sevindirici haldır.
Bu sözləri "Vüqar Həşimov Memorialı-2021"in mətbuat xidmətinə müsahibəsində gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.
İdmanda hörmət anlayışının mühüm amil olduğunu bildirən nazir müavini deyib: “Memoriala tanınmış şahmatçıların qatılması, Vüqar Həşimovun özündən sonra dərin iz buraxması anlamına gəlir. Bu iz təkcə yerli şahmatçılar arasında deyil, əcnəbi idmançılar üçün də çox əzizdir.".
M.Vasileva deyib: “Ümid edirəm ki, növbəti illərdə turnirin əhatəsi daha da genişlənəcək. Memorial Bakıda deyil, regionlarda təşkil olunacaq. Ötən altı yarışa Şəmkir ev sahibliyi edib. Bölgələrdə irimiqyaslı turnirlərin təşkili üçün hər cür şərait var. İdman infrastrukturu beynəlxalq standartlara tam cavab verir. Bir müddət əvvəl mən regionlarda oldum və orada idmanın daha da inkişaf etdirilməsinə ehtiyac var. Dövlət bölgələrdə idmanın maddi-texniki bazasını qurub. Demək olar ki, az qala bütün rayonlarda Olimpiya idman kompleksləri tikilib. Bölgələrimizdə təbiət də çox gözəldir. Bu, həm də turizmin inkişafına səbəb olacaq”.
“Gənclər və idman naziri Fərid Qayıbovun təşəbbüsü ilə federasiyalar, gənclər və idman təşkilatları arasında Zəfər günü münasibətilə futbol yarışı təşkil olunub. Ümid edirəm ki, gələcəkdə şahmat üzrə də belə yarışlar keçiriləcək. Bu, həmin idman növünün kütləviləşməsinə və dostluq münasibətlərinin yaranmasına təkan verəcək”, - deyə nazir müavini əlavə edib.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparırlar. Şahmatçılar turnirdə rapid və blits turnirlərində yarışırlar. Rapid yarışları 7 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits turniri isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.