Azərbaycanda səfərdə olan Avropa Şahmat İttifaqının prezidenti Zurab Azmayparaşvili "Vüqar Həşimov Memorialı-2021" superturnirinin mətbuat xidmətinə müsahibə verib. Müsahibəni təqdim edirik:
-Bakıya xoş gəlmisiniz. Sizi paytaxtımızda görməyə çox şadıq.
Təşəkkür edirəm. Azərbaycanda olmaq mənə hər zaman xoşdur. Bakını çox sevirəm. ilk dəfə paytaxtınızda sovetlər dövründə olmuşam. Bu şəhər mehriban insanları və qonaqpərvərliyi ilə məni valeh edir. Üstəlik, Vüqar Həşimov kimi böyük şahmatçının adını daşıyan turnirdə iştirak etmək böyük şərəfdir.
-Vüqar Həşimovla bağlı xatirələrinizi bölüşərdiniz...
Vüqar Həşimov böyük şahmatçı və gözəl insan idi. Təəssüflər olsun ki, indi aramızda yoxdur. Azərbaycan hər zaman Vüqarı qürürla xatırlayır. Bu gün Bakıda keçirilən turnir Vüqar Həşimovun adına uyğun olaraq yüksək səviyyədə təşkil olunub. Mən mütəmadi olaraq 2009-cu ildəki komandalararası Avropa çempionatındakı günləri xatırlayıram. Azərbaycan milli komandası həmin yarışda çempionluğa layiq oyun nümayiş etdirdi. Təbii ki, son turda Vüqar Həşimovun həlledici gedişini daima xatırlayıram. Vüqarın qələbəsi rəsmiləşəndən sonra onu qucaqlayaraq təbrik etmişdik.
-Həmin tarixi qələbədən 12 il keçib. Sizcə həmin qələbədə həlledici məqam nə idi?
Azərbaycan milli komandası 2009-cu ildə güclü heyətə malik idi. Adlara fikir verin - Vüqar Həşimov, Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Qədir Hüseynov. Bu komanda çox böyük potensiala malik idi. Sanki bizim hazır qiymətli "almaz" daşımız var, onu cilalamaq lazim idi. Yığmanın oyunçuları vahid komanda kimi çıxış etməli idi. Məsələn, Sovet dövründə bəzən SSRİ millisində şahmatçılar arasında kiçik anlaşılmazlıqlar olurdu. Təlim-məşq zamanı şahmatçılar biri-biriləri ilə danışmırdı. Təbii ki, belə hallar nəticəyə təsir edir. 2009-cu ildə Azərbaycan millisi vahid komanda kimi çıxış etdi və layiqli olaraq qızıl medal qazandı.
-"Vüqar Həşimov Memorialı"nın hazırlkı formatı barədə nə deyə bilərsiniz?
Zövqlər müxtəlifdir. Klassik şahmatın özünəxas həvəskarları var. Sözsüz ki, rapid daha az zaman kəsiyində oynanılır. Şahmatçıların vaxtı az olur. Buna görə əksər turnrilərdə rapidə üstünlük verilir. Gələcək formatlar barədə heçnə deyə bilmərəm. Ancaq hazırda "Vüqar Həşimov Memorialı"nda maraqlı oyunlar izləyirik.
-Üç yarış günündən sonra şahmatçıların çıxışını necə dəyərləndirirsiniz?
Proqnoz verməyə çətinlik çəkirəm. Üç yarış günü göstərdi ki, maraqlı oyunlar çox olacaq. İlk olaraq sabiq dünya çempionu hindistanlı Vişvanatan Anandın start oyunu təəccüb yaratdı. Heç kim dünya çempionunun gənc şahmatçı Rauf Məmmədova məğlub olacağını gözləmirdi. Bu mənada rapid yarışlarında nəticəni proqnolaşdırmaq çətindir. Yarışda Şəhriyar Məmmədyarov və ABŞ təmsilçisi Fabiano Karuana kimi iddilı şahmatçılar çıxış edir. Hər şey növbəti yarış günlərində bəlli olacaq.
-Hansı şahmatçını "Vüqar Həşimov Memorialı"nda görmək istərdiz?
Sözsüz ki, hər bir təşkilatçı turnirdə dünya çempionunu görmək istəyər. Norveçli dünya çempionu Maqnus Karlsenin iştirak etdiyi hər bir yarış böyük maraqla izlənir. Eyni zamanda gələcəkdə turnirdə gənc və perspektivli şahmatçıları görmək istərdim. Çünki indiki zamanda gənc şahmatçılara dəstək olmaq vacibdir.
-Müsahibəyə görə, təşəkkür edirik.
Buyurun.