Bakıda tanınmış şahmatçı Vüqar Həşimovun xatirəsinə yeddinci superturnir davam edir.
2014-cü ildən təşkil olunan turnirdə indiyədək 15 ölkədən 29 şahmatçı çempionluq uğrunda mübarizə aparıb. Macarıstan və Riçard Rapport «Vüqar Həşimov Memorialı»nda bu il debüt ediblər.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov indiyədək təşkil olunan 7 turnirin hamısında gücünü sınayıb və 2 dəfə qalib adını qazanıb. Əcnəbi şahmatçılardan isə Sergey Karyakin ən çox - 6 dəfə supertunirin iştirakçısı olub.
Qeyd edək ki, dekabrın 24-dək davam edəcək turnirdə qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparır.
Şahmatçılar turnirdə rapid və blits turnirlərində yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.