News
2021-12-18
Rauf Məmmədov: İlk növbədə yarışdan zövq almaq istəyirəm 

Sevindirici haldır ki, ənənəvi “Vüqar Həşimov memorialı” bu il baş tutdu. Pandemiya səbəbindən keçən il bu nüfuzlu yarış keçirilməmişdi. Bu da yaxşı haldır ki, yarış ilk dəfə Bakıda təşkil edilir.
Bu fikirləri Azərbaycan şahmatçısı Rauf Məmmədov Bakıda Vüqar Həşimovun xatirəsinə həsr olunan yeddinci beynəlxalq super turnirin açılış mərasimindən sonra jurnalistlərə müsahibəsində deyib.
Turnirə yüksək əhvali-ruhiyyədə qatıldıqlarını vurğulayan şahmatçı rapid və blits yarışlarında qaliblə bağlı proqnoz verməyin çətin olduğunu qeyd edərək deyib: “Belə yarışda hətta adi qrosmeyster də qalib gələ bilər. Azərbaycan şahmatçısı Vüqar Əsədli, eləcə də Şəhriyar Məmmədyarov, yaxud da ABŞ təmsilçisi Fabiano Karuana yarışın qalibi ola bilər”.
Qeyd edək ki, sayca yeddinci dəfə təşkil olunan “Vüqar Həşimov memorialı”nda qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparırlar. Şahmatçılar turnirdə rapid və blits turnirlərində yarışırlar. Rapid yarışları 14 turdan ibarət olacaq və dekabrın 21-dək davam edəcək. Dekabrın 22-23-də isə blits yarışları keçiriləcək. Rapid yarışı 15 dəqiqə + 10 saniyə, blits turniri isə 5 dəqiqə + 3 saniyə nəzarət vaxtı ilə təşkil olunacaq.
Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.