News
2021-12-18
Zeynəb Məmmədyarova: Vüqar Həşimov fərqli şahmat tərzi ilə​ həmişə​ seçilib

«Vüqar Həşimov Memorialı» ilk dəfədir​ rapid və blits yarışları üzrə​ təşkil olunur. Bu səbəbdən bütün şahmatçıların şanslarını eyni dəyərləndirirəm. Qardaşım —​ Şəhriyar Məmmədyarovun sürətli şahmatda böyük uğurları var. Ümid edirəm ki, Ş.Məmmədyarov yarışın qalibi olacaq.

Bunu turnirin mətbuat xidmətinə müsahibəsində tanınmış Azərbaycan şahmatçısı Zeynəb Məmmədyarova deyib.

Vüqar Həşimovla bağlı çox gözəl xatirələrinin olduğunu deyən Z.Məmmədyarova bildirib ki, mərhum qorssmeyster ölkə şahmat tarixində böyük uğurlara imza atıb. Vüqar Həşimovun adı hazırda​ dünya zəka sahibləri arasında böyük rəğbətlə çəkilir. Tanınmış şahmatçıların əskəriyyətinin Vüqarla gözəl dostluq münasibəti olub. Vüqar Həşimov fərqli şahmat tərzi ilə​ həmişə​ seçilib. Onun Azərbaycana qazandırdığı qalibiyyətlər heç vaxt unudulmayacaq. O, həmişə şahmatsevərlərin qəlbində yaşayacaq.

​ Qeyd edək ki, dekabrın 24-dək davam edəcək turnirdə​ qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, amerikalı Fabiano Karuana, Rusiya şahmatçısı Sergey Karyakin, Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və çexiyalı David Navara mübarizə aparır.
Şahmatçılar turnirdə rapid və blits turnirlərində yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçirilir. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edir.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.