News
2021-12-18
Nigar Arpadarai:​ Vüqar Həşimovun ali​ xüsusiyyətləri və yüksək​ insani keyfiyyətləri hər zaman onu yaşadacaq

Vüqar Həşimov son dərəcə istedadlı bir şahmatçı idi. Qısa həyat sürməsinə baxmayaraq, o, öz adını şahmat tarixinə yaza bildi. Təbii ki, bu tarix də həmişəlik bizimlə qalacaq.​

​ ​ ​ Bunu “Vüqar Həşimov Memorialı-2021”in mətbuat xidmətinə müsahibəsində yarışın Təşkilat Komitəsinin üzvü, Milli Məclisin deputatı Nigar Arpadarai deyib.

​ ​ ​ N.Arpadarai vurğulayıb ki,​ Vüqar Həşimovun xatirəsinin yaşadılması önəmlidir. Çünki bu bizim şahmat ənənəmizdir və bunun ​ davam etdirilməsi çox vacibdir. Hesab edirəm ki, həm bu turnir, həm də​ onun adının əbədiləşdirilməsi hər birimiz üçün olduqca əhəmiyyətlidir.

​ ​ ​ ​ "Vüqar Həşimov haqqında onun yaxınları ilə söhbətim olub və​ müsahibələrini oxumuşam. Bunların yekununda onun nə qədər maraqlı və açıq bir insan olduğu qənaətinə gəldim. Məsələn, komandada onunla iştirak edən həmkarları bildirirlər ki, o üzərində işlədiyi partiyaları digər şahmatçılar​ ilə bölüşürdü. Yəni komanda oyunçusu idi. O, qələbənin tək onun yox,​ komandanın,​ bütün ölkənin qələbəsi olmasını istəyirdi", - deyə Milli Məclisin deputatı əlavə edib.

Qeyd edib ki, mərhum qrossmeyster haqqında hamı xoş xatirələr söyləyirlər. Vüqarın həmişə ətrafdakılara böyük hörmətlə yanaşmasını xüsusi vurğulayırlar. Söyləyirlər ki, qalıb olsa da, uduzsa da, bu onun əhvalına təsir etmirdi və o, ətrafdakılara bunu bildirmirdi.​ Çünki Vüqar insanlara o qədər hörmətlə yanaşırdı ki, ona yaxınlaşan hər bir jurnalistə istənilən halda, normal bir müsahibə verməyə, hər bir fanatı ilə danışmağa hazır olurdu. Yəni, sözün əsl mənasında​ çox dürüst bir insan idi. Məhz Vüqarın bu xatirələri, ali​ xüsusiyyətləri və yüksək​ insani keyfiyyətləri hər zaman onu yaşadacaq . Mən çox xoşbəxtəm ki, “Vüqar Həşimov Memorialı-2021”in Təşkilat Komitəsinin üzvüyəm. Bu, mənim üçün böyük şərəf və​ məsuliyyətdir. Hesab edirəm ki, bu iş davamlı olmalıdır.

Xatırladaq ki, dekabrın 18-dən 23-dək Bakıda keçiriləcək super turnirdə qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaq.
Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.
Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.