News
2021-12-17
Mahir Məmmədov: Vüqar Həşimov öz oyun üslubu ilə seçilən şahmatçı idi

Azərbaycanda “Vüqar Həşimov Memorailı”nın təşkil olunması çox gözəl hadisədir. Hazırda pandemiya dövrüdür, lakin buna baxmayaraq, çox şadam ki, bu cür tədbir təşkil olunur. Buna görə də Vüqar Həşimov Fonduna təşəkkürümü bildirirəm.  
Bunu turnirin mətbuat xidmətinə yarışın Təşkilat Komitəsinin üzvü, Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.
Federasiya rəsmisi qeyd edib ki, turnirin Təşkilat Komitəsinin işini yüksək qiymətləndirirəm. Çox qısa zamanda məşhur şahmatçıların ölkəmizə gəlməsini təmin etmək asan məsələ deyil. SOCAR da bu yarışda öz ənənəsinə sadiq qalaraq, sponsorluq xidmətini davam etdirir. Bunlar bizim üçün sevindirici haldır. Baxmayaraq ki, ötən il memorial pandemiya səbəbindən baş tutmadı. Lakin 2021-ci ildə biz əsas ənənələrimizdən biri olan “Vüqar Həşimov Memoralı”nın keçirilməsini bərpa edə bildik. Azərbaycan bu turnirlə dünya şahmat təqvimində özünü yenidən tanıtdıracaq. Ümid edirəm ki, gələn il bu ənənə daha dolğun şəkildə, sərbəst şəraitdə və hər birimizin arzuladığı kimi işğaldan azad olunmuş torpaqlarımızda təşkil olunacaq.
     Vüqar Həşimovun Azərbaycan şahmatında misilsiz xidmətləri olduğunu deyən Mahir Məmmədov bildirib ki, mərhum qrossmeyster heç bir şahmatçı ilə müqayisə olunmayan , öz oyun üslubu, şahmat nəzəriyyəsini dərin bilməsi, şahmata olan sadiqliyi, möhkəm xarakteri, şahmat nəzəriyyəsini irəli aparmaq istəyi və mübarizəsi ilə hər zaman seçilən zəka sahibi olub. Bir çox dünya şahmatçıları özləri də qeyd edirlər ki, Vüqar Həşimovun şahmat nəzəriyyəsinə verdiyi töhfələr çoxdur və hazırda gündəlik fəaliyyətimizdə də istifadə olunur.
“Çox təəssüf ki, Vüqar qısa bir ömür yaşadı. Lakin çox parlaq bir ömür yaşamış oldu. O, həm şəxsi turnirlərdə, həm də dünyaca məşhur olan yarışlarda öz imzasını ataraq Azərbaycanın qələbə qazanmasına birbaşa köməklik edib. Dünyada ilk Qran-Prinin qalibi Vüqar Həşimovdur. Azərbaycanın ilk Avropa çempionluğu qələbəsi də məhz onun adı ilə bağlıdır və bu, onun son gedişi idi. Bunlar heç vaxt unudulmayacaq”, - deyə M.Məmmədov əlavə edib.
Xatırladaq ki, super turnirdə qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaq.
        Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi
edəcək.
        Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.