News
2021-12-17
Çingiz Abdullayev: Ümid edirəm ki, Vüqar Həşimov Memorialı gələcəkdə işğaldan azad olunmuş ərazilərimizdə keçiriləcək

Vüqar Həşimovun əziz xatirəsinə turnirin keçirilməsi çox gözəl addımdır. Ötən il pandemiya səbəbindən yarış təşkil olunmadı. Öncəki altı yarışa Şəmkir ev sahibliyi edib. Növbəti turnir isə Bakıda baş tutacaq. Bu ənənənin davam etdirilməsi çox sevindirici haldır.

        Bunu “Vüqar Həşimov Memorialı-2021”in mətbuat xidmətinə müsahibəsində yarışın Təşkilat Komitəsinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev deyib.

        Vüqar Həşimovun öz uğurları ilə dünyada özündən söz etdirməyi bacaran şahmatçı olduğunu bildirən Xalq yazıçısı “Vüqar Həşimov Memorialı”nın əhəmiyyətini yüksək qiymətləndirib.

        “Ümid edirəm ki, gələcəkdə yarış Şuşada, Ağdamda və digər işğaldan azad olunmuş ərazilərdə keçiriləcək. Xarici qonaqlar da ora dəvət olunacaq. Çünki memorialda yetərincə güclü şahmatçılar mübarizə aparırlar. Onlar Qarabağın nə qədər gözəl olduğuna canlı şahid olacaqlar”, - deyə Xalq yazıçısı əlavə edib.

        “Vüqar Həşimov Memorialı-2021”də əsas favoritinin Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov olduğunu vurğulayan Çingiz Abdullayev bu turnirin ölkədə gənc şahmatçıların yetişməsinə böyük təkan verəcəyinə əminliyini ifadə edib.

        Super turnirdə qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaq.

        Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.

        Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.