News
2021-12-17
Olimpiya çempionu Fərid Mansurov: Vüqar Həşimov kiçik yaşlarında böyük zirvələr fəth edib

Vüqar Həşimovun qazandığı nailiyyətlər təkcə, ölkəmizdə deyil, bütün dünyada böyük rəğbətlə qarşılanıb. Onun uğurları bu gün yeniyetmə şahmatçılar üçün bir məktəbdir.

Bunu “Vüqar Həşimov Memorialı-2021”in mətbuat xidmətinə müsahibəsində yarışın Təşkilat Komitəsinin üzvü, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, Olimpiya çempionu Fərid Mansurov deyib.

Turnirin əhəmiyyətini yüksək qiymətləndirən Fərid Mansurov şahmatsevərlərin bu yarışdan bəhrələnəcəyini diqqətə çatdırıb. Qeyd edib ki, “Vüqar Həşimov Memoralı”nın təşkili Azərbaycanda intellektual idman növlərinin inkişafına böyük təkan verir. Həmçinin şahmatın kütləviləşməsində böyük rol oynayır”.

Mərhum qrossmeysterin kiçik yaşlarında böyük zirvələr fəth etdiyini vurğulayan Olimpiya çempionu deyib: “Çox sevindirici haldır ki, bu turniri təşkil etməklə Vüqar Həşimovu şahmatsevərlərin qəlbində yaşadarıq. O, baxımlı oyunu və yüksək xarakteri ilə bir çoxlarının ürəyində taxt qurmuşdu. Onu sevənlərin sayı bu gün də çoxdur. Vüqar Həşimov dünya şahmatında xüsusi çəkiyə malik zəka sahiblərindən biri idi”.

Super turnirdə qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaq.

Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.

Vüqar Həşimov memorialı ilk dəfə 2014-cü ildə Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen dörd (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə iki (2016, 2017) dəfə turnirin qalibi olublar.

Ötən il koronavirus pandemiyası ilə əlaqədar turnir keçirilməyib.