News
2021-12-14
Çingiz Hüseynzadə: Vüqar Həşimov adını Azərbaycan şahmat tarixinə qızıl hərflərlə yazdırıb

Bir illik fasilədən sonra yenidən dünyanın tanınmış şahmatçıları “Vüqar Həşimov Memorialı”nda iştirak etmək üçün ölkəmizdə bir araya gələcəklər. Turnirdə yetərincə güclü zəka sahibləri mübarizə aparacaqlar. Builki yarış da gərgin idman mübarizəsi vəd edir.

        Bunu Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnirin mətbuat xidmətinə müsahibəsində deyib.

        Vitse-prezident bildirib ki, Vüqar Həşimov adını Azərbaycan şahmat tarixinə qızıl hərflərlə yazdırıb. 2009-cu ildə komandalar arasında Avropa çempionatında qazanılan qələbədə onun payı böyük olub. Bu qələbə Azərbaycanda yeni nəsl şahmatçıların yetişməsinə böyük təkan verib. Vüqar Həşimov yüksək insani keyfiyyətlərə və idmançıya məxsus ədalət prinsiplərinə əsaslanan şahmatçı idi. Hazırda fəaliyyət göstərən Vüqar Həşimov Şahmat Akademiyası mərhum qrossmeysterin arzularını və istəklərini reallaşdırır.

        “Son illərdə ölkə şahmatında əldə olunan nailiyyətlər göz qabağındadır. Zəka sahiblərimiz Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər. Ümid edirəm ki, “Vüqar Həşimov Memorialı-2021” də təmsilçilərimiz üçün uğurlu olacaq”, - deyə Ç.Hüseynzadə əlavə edib.

        Super turnirdə qalib adı uğrunda 8 şahmatçı – Azərbaycan təmsilçiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Vüqar Əsədli, Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Macarıstan idmançısı Riçard Rapport, hindistanlı Vişvanatan Anand və David Navara (Çexiya) mübarizə aparacaq.

        Şahmatçılar turnirdə rapid və blits üzrə yarışacaqlar. Yarış Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə keçiriləcək. Yarışa “Fairmont Baku” oteli ev sahibliyi edəcək.