News
2021-12-14
Vüqar Həşimov Memorialına hazırlıq plan üzrə davam edir

Azərbaycanın tanınmış şahmatçısı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat turnirinin təşkilat komitəsinin iclası keçirilib.

 

Vüqar Həşimov Şahmat Akademiyasında təşkil olunan iclasdan əvvəl təşkilat komitəsinin üzvləri şahmatçının xatirə muzeyi ilə tanış olublar.

 

İclasda təşkilat komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov, üzvləri - Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov, turnirin baş hakimi Faiq Həsənov, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacı, Milli Məclisin deputatı Nigar Arpadarai, Xalq yazıçısı Çingiz Abdullayev, Olimpiya çempionu Fərid Mansurov, eləcə də turnirin direktoru Anar Allahverdiyev iştirak ediblər.

 

Qasım Həşimov turnirin keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib. O, artıq 7-ci dəfə baş tutacaq Vüqar Həşimov memorialının keçirilməsində ölkə rəhbərliyinin əvəzsiz rolunun olduğunu bildirib.

 

Vüqar Həşimovun qazandığı nailiyyətlərdən, Azərbaycan idmanına verdiyi töhfələrdən və peşəkar idmançıya məxsus keyfiyyətlərindən danışan təşkilat komitəsinin sədri mərhum qrossmeysterin adını daşıyan Şahmat Akademiyasının artıq beş ildir fəaliyyət göstərdiyini vurğulayaraq deyib: “Artıq ikinci filialda öz qapılarını şahmatsevərlərin üzünə açıb. Akademiya uğurla fəaliyyət göstərir. Burada təcrübəli mütəxəssislər çalışırlar. Yetirmələrimiz beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirlər”.

 

Turnirin direktoru, Əməkdar məşqçi Anar Allahverdiyev açılış mərasiminə hazırlıqdan, yarış zalının tərtibatından, təşkilati işlərdən danışıb, memorialın rəsmi saytının təqdim olunması barədə məlumat verib. A.Allahverdiyev yarışda iştirak edəcək şahmatçılarla mütəmadi danışıqlar aparıldığını və əcnəbi idmançıların ölkəmizə gəliş tarixlərinin müəyyənləşdiyini söyləyib.

 

Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov turnirin yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirib. O, Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi super turnirin birillik fasilədən sonra bərpa edilməsindən məmnunluğunu bildirib: “Turnirin əksər iştirakçıları “Top-20”də yer alan şahmatçılardır. Bu da yarışın gərgin idman mübarizəsi şəraitində keçəcəyindən xəbər verir. Vüqar Həşimov memorialına hazırlıq plan üzrə davam edir”.

 

Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacı Vüqar Həşimovu şəxsən tanıdığını söyləyib və turnirin növbəti illərdə işğaldan azad olunmuş Qarabağda keçirilməsini təklif edib.

 

Milli Məclisin deputatı Nigar Arpadarai Vüqar Həşimov Şahmat Akademiyasında yaradılan şəraitin yeni nəsil şahmatçıların inkişafında mühüm rol oynayacağını vurğulayıb.

 

Olimpiya çempionu Fərid Mansurov turnirin ənənəvi keçirilməsini Vüqar Həşimovun adının əbədiləşdirilməsi istiqamətində ən önəmli addım kimi dəyərləndirib.

 

Tədbirdə yarışın hakimləri də açıqlanıb. Belə ki, baş hakim Faiq Həsənova Lütfiyar Rüstəmov və İlahə Qədimova kömək edəcəklər.

 

Təşkilat Komitəsinin üzvləri olan ikiqat paralimpiya çempionu İlham Zəkiyev və İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru Balaş Qasımov Bakıda olmadıqları üçün iclasda iştirak edə bilməyiblər.

 

Qeyd edək ki, turnir Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğu ilə baş tutacaq. Memorialın açılış mərasimi dekabrın 18-də “Fairmont” otelində keçiriləcək.